25.8 C
Gence
21.5 C
Ganja

“IT Hub Azerbaijan” layihəsi start götürür

Gəncə gənclərinin yeni layihəyə qeydiyyatı başlayıb. Bu haqda 7 fevral tarixində Report-a istinadən məlumat veririk.

Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) və “StrategEast” müəssisəsinin birgə əməkdaşlığı ilə “IT Hub Azerbaijan” layihəsinə start verilib. 4SİM-in təşkilatçılığı, müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, elm və təhsil müəssisələrinin nümayəndələrinin iştirakı ilə tədbir keçirilib.

Burada layihənin ölkədə İT sahəsində bacarıqlı kadrların hazırlanmasında, xarici investisiyaların cəlb edilməsində əhəmiyyəti olacağı vurğulanıb. Məqsəd ölkəmizin regionlarında informasiya texnologiyaları sahəsində bilik və bacarıqların artırılmasına, bu sahəyə investisiyaların cəlb edilməsinə, yeni iş yerləri və karyera imkanlarının yaradılması proseslərinə dəstək göstərməkdir.

Layihə çərçivəsində 19-30 yaş kateqoriyasına aid gənclərin ödənişsiz şəkildə İT təlimlərində iştirak etməsi və proqramı uğurla bitirən gənclərin sırasından seçilmiş namizədlərin ölkəmizdə qalmaqla xarici şirkətlərdə işlə təmin edilmələri nəzərdə tutulur. Təlimlər beynəlxalq ekspertlər tərəfindən kompüter elmləri, proqramlaşdırma, biznes təhlili və digər mövzularda 11 ay müddətində onlayn şəkildə aparılacaq.

Qatılmaq istəyən şəxslər 7 martadək link vasitəsilə qeydiyyatdan keçə bilərlər.