Bu gün şəhidlər Vüqar Hüseynov və Pərviz Səmədovun doğum günüdür.
Vüqar Əzim oğlu Hüseynov 5 may 1968-ci ildə Gəncədə anadan olub. 22 saylı orta məktəbi bitirib. Sonra 27 nömrəli peşə məktəbində oxuyub. 1986-1988-ci illərdə Rusiya ərazisində xidmət edib. Nümunəvi xidmətinə görə Fəxri Fərmana layiq görülüb. Hərbidən qayıtdıqdan sonra Çini qablar zavodunda əmək fəaliyyətinə başlayıb.
18 mart 1992-ci ildə Nizami Rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Cəmi 5 ay hərbçi olan Hüseynov düşmənə qarşı hazırlanan bir neçə hərbi əməliyyatlarda fəal iştirak edib. Vüqar Əzim oğlu Hüseynov 29 avqust 1992-ci ildə Ağdərə ətrafındakı mühüm döyüşlərin birində düşmən gülləsinə tuş gələrək şəhidlik zirvəsinə ucalıb.
Pərviz Əbdüləhəd oğlu Səmədov 5 may 1970-ci ildə Gəncədə anadan olub. Səkkizinci sinfi bitirdikdən sonra, 1985-ci ildə təhsilini 15 saylı texniki-peşə məktəbində davam etdirib. Burada avtomobil çilingəri ixtisasına yiyələnib. 1988-1990-cı illərdə Çita şəhərində hərbi xidmətdə olub.
22 fevral 1992-ci ildə könüllü olaraq Ağdama gedib, kəşfiyyat dəstəsinin komandiri kimi Şelli, Naxçıvanik, Aranzəmin, Pircamal kəndləri uğrunda gedən döyüşlərdə vuruşub. Onun kəşfiyyat dəstəsi düşmənin silah-sursat anbarlarını, strateji obyektlərini və sığınacaqlarını aşkarlayaraq məhv edib. Pərviz Əbdüləhəd oğlu Səmədov 15 may 1992-ci ildə Gülablı kəndində gedən döyüşlərin birində snayper gülləsinə tuş gələrək həlak olub.
Prezidentinin 7 iyun 1992-ci il tarixli fərmanı ilə Pərviz Səmədova Milli Qəhrəman fəxri adı verilib.