Bu gün şəhid İnqilab Quliyevin doğum günüdür.
İnqilab Çingiz oğlu Quliyev 13 aprel 1983-cü ildə Tərtər rayonunda anadan olub. 1989-cu ildə Kəlbəcər rayonunun İstisu qəsəbə tam orta məktəbinin birinci sinfinə gedib. 1990-ci ildən İnqilab Quliyev ailəsi ilə birlikdə Beyləqana köçərək, təhsilini burada Milli Qəhrəman N.Allahverdiyev adına 1 nömrəli tam orta məktəbdə davam etdirib. Daha sonra o, Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olub.
2000-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin “Raket və artilleriya silahlarının istismarı və təmiri” ixtisasına qəbul olunub. 2005-ci ildə təhsilini başa vuraraq leytenant rütbəsi ilə xidmətə başlayıb. İki il sonra baş leytenant, 2011-ci ildə isə kapitan hərbi rütbəsi alıb.
İnqilab Çingiz oğlu Quliyev 4 aprel 2016-cı ildə Ermənistan-Azərbaycan təmas xəttində baş vermiş və tarixə “4 günlük müharibə” kimi düşmüş Aprel döyüşləri zamanı şəhidlik zirvəsinə ucalıb.
Şəhidimiz ailəli idi. Onun Vətənə əmanət iki övladı qalıb.