25.3 C
Gence
19.5 C
Ganja

Şəhid Müşviq Məhərrəmov və Rəşad Ələkbərovun mövlududur

Bu gün şəhid Müşviq Məhərrəmovun və Rəşad Ələkbərovun doğum günüdür.

Müşviq Müzəffər oğlu Məhərrəmov 15 sentyabr 1970-ci ildə Gəncədə anadan olub. 16 nömrəli orta məktəbi bitirib. Sibirdə həqiqi hərbi xidmətdə olub. 

O, Azərbaycan ərazilərinin toxunulmazlığı uğrunda gedən döyüşlərdə iştirak edib. “Şiştəpə” əməliyyatında göstərdiyi xidmətlərinə görə komandiri tərəfindən qiymətli hədiyyə ilə mükafatlandırılıb. 

Müşviq Müzəffər oğlu Məhərrəmov 18 iyun 1992-ci ildə “Sur” əməliyyatında iştirak edən zaman yaralanıb. Onun meyiti 3 gün erməni əsirliyində qaldıqdan sonra geri alınıb.2 iyul 1992-ci ildə Gəncəyə gətirilərək ailə üzvlərinə təhvil verilib. 

Şəhidimiz Gəncə şəhər Şəhidlər xiyabanında dəfn edilib. 

Rəşad İlqar oğlu Ələkbərov 15 sentyabr 1997-ci ildə Gəncədə anadan olub. 44 nömrəli məktəb-liseyi bitirib. Videooperator işləyib. 2016-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. 2020-ci ilin iyul ayında Tavuş mərzi və Tovuz rayonu əraziləri boyunca baş tutan döyüşlərdən sonra müharibədə iştirak etmək üçün müraciət edib. Rəşadın anası Nailə Ələkbərova I Qarabağ müharibəsinin iştirakçısı olub.

O, 27 sentyabr 2020-ci il tarixində yenidən ordu sıralarına çağırılıb. Vətən müharibəsi zamanı Xocavənd rayonunun Ağoğlan (Hadrut) qəsəbəsi, Füzuli rayonu, Şuşa şəhərinin Daşaltı kəndi və Xankəndi şəhəri istiqamətindəki döyüşlərdə vuruşub.

Rəşad İlqar oğlu Ələkbərov 9 noyabr 2020-ci ildə Laçın dəhlizi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib. Şəhidimiz 3 gün sonra Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn edilib. 

O, ölümdən sonra Prezident tərəfindən “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.