Bu gün şəhid Elxan Qafarov və Şirvani Abutalıbovun doğum günüdür.
Elxan Aydın oğlu Qafarov 21 may 1962-ci ildə Gəncədə anadan olub. 1979-cu ildə 25 saylı orta məktəbi bitirib. Həmin il hərbi komissarlıq tərəfindən avtomobil sürücülüyü məktəbinə göndərilib. 1982-ci ilin noyabrınadək Sovet ordusu sıralarında qulluq edib.
Hərbi xidməti bitirdikdən sonra Elxan 1984-1987-ci illərdə Orta Asiyada neft-qaz kəmərləri idarəsində işləyib. 1987-ci ildə Vətənə qayıdıb. 25 mart 1992-ci ildə Kəpəz Rayon Hərbi Komissarlığı tərəfindən səfərbərliyə alınıb. Fövqəladə Müdafiə Qərargahında xidmət edib.
Elxan Aydın oğlu Qafarov 22 aprel 1992-ci ildə Goranboy rayonu ətrafında gedən qızğın döyüşlərin birində həlak olub.
Şirvani Pirqələm oğlu Abutalıbov 21 may 1971-ci ildə Qərbi Azərbaycanın Amasiya rayonunda anadan olub. 1988-ci ildə ailəsi ilə birlikdə Gəncəyə köçüb. 1989-1991-ci illərdə Xabarovsk şəhərində həqiqi hərbi xidmətdə olub.
Əsgərlikdən qayıtdıqdan sonra Qarabağ uğrunda gedən döyüşlərə qatılıb. 5 may 1992-ci ildə öz istəyi ilə Kəpəz Rayon Hərbi Komissarlığı tərəfindən Xanlar özünümüdafiə batolyonuna yazılıb.
Şirvani Pirqələm oğlu Abutalıbov 1992-ci ilin oktyabr ayında xüsusi strateji əhəməyyəti olan Haçagədik yüksəkliyini ələ keçirən zaman şəhidlik zirvəsinə ucalıb.