Bu gün şəhid Elvin Mustafayevin torpağa tapşırılmasının ildönümüdür. Bu haqda Gencexeber.az-a 28 aprel tarixində məlumat daxil olub.
Şəhidlər xiyabanında şəhidimizin xatirəsi anılıb. İlk öncə Elvinin məzarınadək yürüş keçirilib. Daha sonra onun əziz xatirəsinə dualar oxunub, məzarına tər güllər düzülüb. Mərasimdə şəhidin ailə üzvləri, qohum-əqrabası, dost-tanışları, qazilər iştirak ediblər.
Şəhidlər xiyabanında mağar qurularaq şəhidin adına ehsan verilib.
Elvin Fuad oğlu Mustafayev 7 avqust 1997-ci ildə Gəncə şəhərində dünyaya gəlib. 2014-cü ildə 42 nömrəli tam orta məktəbin məzunu olub. O, Vətən Müharibəsi zamanı Füzuli, Cəbrayıl və Xocavənd rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.
30 oktyabr 2020-ci il tarixində döyüş tapşırığını yerinə yetirən zaman şəhidlik zirvəsinə ucalıb. O, Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.