Bu gün şəhid Cavid Əliyevin doğum günüdür.
Cavid Samir oğlu Əliyev 10 avqust 2001-ci ildə Gəncə şəhərində doğulub. 2008-ci ildə 8 nömrəli tam orta məktəbdə təhsil almağa başlayıb, 2019-cu ildə 23 nömrəli tam orta məktəbi bitirib. Cavid Əliyev sərbəst güləş növü ilə məşğul olub və Azərbaycan üçüncüsü olub.
2020-ci ildə hərbi xidmətə çağırılıb, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmətə başlayıb.
27 sentyabr 2020-ci il tarixində başlayan Vətən müharibəsində iştirak edib. O, Tərtər rayonunun Suqovuşan kəndi, Xocavənd rayonunun Ağoğlan (Hadrut) qəsəbəsi, Füzuli, Gəbrayıl, Qubadlı və Zəngilan rayonlarının azad olunması uğrunda gedən döyüşlərdə döyüşüb.
Cavid Samir oğlu Əliyev 4 noyabr 2020-ci ildə qızğın döyüşlərin birində şəhidlik zirvəsinə yüksəlib.
4 noyabr 2020-ci ildə Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.
Şəhidimiz Prezidentimiz tərəfindən “Vətən uğrunda” medalı ilə təltif edilib.