Gəncədə mövsümi bitkilərin əkininə başlanıb. Bu haqda 15 sentyabr tarixində MKTİB-yə istinadən məlumat veririk.
Abadlıq-quruculuq işləri çərçivəsində şəhərin küçə və prospektlərinə, həmçinin park və xiyabanlarına mövsümi dekorativ kol və gül-çiçəklərin əkilməsi işləri də davam etdirilir. Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin Yaşıllaşdırma şöbəsi tərəfindən Nizami Gəncəvi prospektində yerləşən Yeni Gəncə dairəsi adlanan ərazidə şeflera kolları və pelarqoniya gülləri, prospektin sağ və sol hissəsinə isə xrizontema və asteosperum əkilib.
Bildirilib ki, hazırda Yaşıllaşdırma şöbəsinin gülçülük sahəsində 50 növdən artıq çoxillik və mövsümi bitkilər, ağac və kol bitkilərinin yerli mütəxəssislər hesabına yetişdirilməsi həyata keçirilir. Burada becərilən və Nizami yurdunun simvolu sayılan Xan çinar, o cümlədən Eldar şamı, meşə şabalıdı və digər ağac növlərinin şəhər ərazisi ilə yanaşı, işğaldan azad edilmiş torpaqlarda da əkilməsi planlaşdırılır.