Gəncədə növbəti səyyar qəbul keçirilib. Bu haqda məlumatı iyunun 15-i Apa-ya istinadən veririk.
Tədbir Mirzə Şəfi Vazeh adına 16 nömrəli tam orta məktəbdə keçirilib. Gəncə şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşüb. Öncə Vətən müharibəsi şəhidlərinə həsr edilən xatirə lövhəsi ziyarət edilib, önünə tər çiçəklər düzülüb.
Qəbulda millət vəkili Müşfiq Cəfərov, Nizami və Kəpəz İcra Hakimiyyətlərinin başçıları Nizami Hacıyev, Eldəniz Xudiyev, İcra Hakimiyyətinin məsul əməkdaşları və aidiyyəti qurumların rəhbərləri iştirak ediblər.
Şəhər sakinləri səyyar görüşdə onları narahat edən məsələləri gündəmə gətiriblər. Müraciətlərin əksəriyyətini işlə təminat, müalicə, fərdi yaşayış evinin təmiri, mənzil növbəliliyi, su və kanalizasiya xəttinin çəkilməsi, sərnişindaşıma nəqliyyat vasitələrinin hərəkət xəttinin uzadılması, küçələrdə işıqlandırma sisteminin quraşdırılması və digər məsələlər üstünlük təşkil edib.
Şəhər rəhbəri problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib. Qaldırılan bir çox məsələlər yerindəcə öz həllini tapıb.
