Gəncə həkimləri beynəlxalq konqresdə iştirak ediblər. Bu haqda 11 may tarixində Birləşmiş Xəstəxanaya istinadən məlumat veririk.
Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar olaraq, Səhiyyə Nazirliyi, Azərbaycan Tibb Universiteti (ATU), Azərbaycan Pediatrlar Assosiasiyası, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin birgə təşkilatçılığı və “Uptodate in Medicine”nin texniki dəstəyi ilə beynəlxalq elmi-praktik konqres keçirilib. Burada dövlət rəsmiləri ilə yanaşı, 11 ölkənin nümayəndələri də iştirak ediblər. Onların arasında Birləşmiş Xəstəxananın həkim-pediatrları da yer alıb.
Konqresdə pediatriya və neonatologiyanın ən aktual problemlərinə dair aparıcı milli və xarici ekspertlərin məruzələri dinlənilib. Tədbirin məqsədi həkimləri və tibb mütəxəssislərini pediatriya və neonatologiyaya dair yeni tədqiqatlarla, innovasiyalarla tanış etmək, onların inkişafı ilə bərabər, xəstəliklərə, bütövlükdə tibbi xidmətə yanaşmanı təkmilləşdirmək, eləcə də tibbin bu sahəsinin inkişafına xidmət edən təşəbbüslərə dəstək vermək olub.