Gəncədə tələbələr arasında festival keçirilib. Bu haqda 18 mart tarixində GDU-ya istinadən məlumat veririk.
“Səməni” festivalı Gəncə Dövlət Universitetində Kimya-biologiya fakültəsinin təşkilatçılığı ilə baş tutub. Burada universitetin rektoru Yusif Yusibov tədbir iştirakçılarının bayramını təbrik edib, ən xoş arzularını çatdıraraq milli bayramın tarixi kökləri və mahiyyəti, Heydər Əliyev tərəfindən bayramın dövlət səviyyəsində qeyd olunmasında misilsiz xidmətlərindən, milli-mənəvi dəyərlərimizə verdiyi böyük qiymətdən danışıb.
Festivalda universitetin prorektorları, professor-müəllim heyəti və tələbələr iştirak ediblər. Tədbirdə Novruz bayramının atributları və milli adət-ənənələrimizi özündə əks etdirən bayram xonçaları nümayiş olunub.
Sonda münsiflər tərəfindən qaliblər müəyyən edilərək mükafat verilməsi qərara alınıb. Tədbir konsert proqramı ilə davam edib.