Gəncədə gənclər arasında “Let’s play Mangala” layihəsi uğurla yekunlaşıb. Bu haqda 1 mart tarixində Gəncəxəbər.az Gəncə Gənclərinə istinadən xəbər verir.
Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən həyata keçirilən “İdeyanı Reallaşdır 2022“ Gənclərin Fərdi Qrant Layihələri üzrə Qrant Müsabiqəsində qalib olan “Let’s play Mangala” Tarixi Manqala oyununun təbliği layihəsi çərçivəsində oyunlar həyata keçirilib.
Layihənin əsas məqsədi gəncləri tarixi əhəmiyyətə malik Manqala intellektual oyunu haqqında maarifləndirmək, birlikdə əyləncəli vaxt keçirəcəkləri atmosfer yaratmaq, rəqabət mühitində stratejik addımlar atmağı öyrətmək, məntiqi təfəkkürlərinə töhfə verməkdir.
Layihənin birinci mərhələsində iştirakçılar Manqala oyununun qaydaları və tarixi ilə bağlı iki günlük təlimlərə cəlb olunublar.
İkinci mərhələdə isə iştirakçılar arasında yarış təşkil olunub. Yarışın birinci günündə 32, ikinci günündə isə 16 iştirakçı birincilik uğrunda yarışıb.
Yekunda layihə iştirakçısı Rəvan Qəmbərov 1-ci, Aysel Musayeva isə 2-ci yerin sahibi olublar.
Layihə Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Gəncə nümayəndəliyinin, Gəncə Gənclər Evinin və Azərbaycan Dövlət Aqrar Universitetinin tərəfdaşlığı ilə həyata keçirilib.