Gəncəlilərin fəxri, məşhur heykəltəraş Katib Məmmədov eyni zamanda Nizami Gəncəvinin iki heykəlini hazırlayır. Bu haqda 12 avqust tarixində Gencexeber.az müxbiri xəbər verib.
Azərbaycanda 2021-ci il böyük şair Nizami Gəncəviyə həsr olunub. Bununla əlaqədar Katib Məmmədov Ukraynanın paytaxtı Kiyev və Xarkov şəhərlərində quraşdırılacaq şairin iki heykəlini hazırlayır. Hal-hazırda abidələrin tamamlanma işləri gedir. Onların açılış mərasimi sentyabr ayına planlaşdırılıb.
Heykəltəraş 2008-ci ildən Ukraynanın əməkdar rəssamıdır. 2013-cü ildən isə Rusiya İmperator Rəssamlıq Akademiyasının akademikidir. Əsərləri muzeylərdə, qalereyalarda və dünyanın müxtəlif yerlərində şəxsi kolleksiyalarda saxlanılır.
Qeyd edək ki, Katib Məmmədov 1963-cü ildə Gəncədə anadan olub. Səkkizinci sinifi bitirdikdən sonra, 15 nömrəli Gəncə sənət məktəbinə daxil olub. 1988-ci ildə Xarkov Bədii-Sənaye İnstitutunun heykəltəraşlıq fakültəsinə daxil olub. O, 1993-cü ildən indiki Xarkov Dövlət Dizayn və İncəsənət Akademiyasının müəllimidir.