Gəncədə Qəmbər Hüseynlinin doğum günü münasibətilə açıq havada tədbir keçirilib. Bu haqda məlumat Gencexeber.az-a aprelin 16-sı daxil olub.
Tədbir Xan bağı yaxınlığında, görkəmli bəstəkarın heykəlinin qarşısında baş tutub. Orada Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, digər qurum nümayəndələri, şəhər sakinləri və 4 saylı tam orta məktəbin şagirdləri iştirak ediblər.
Mərhum incəsənət xadiminin həyat və fəaliyyəti haqda məlumat verilib. Balacalar isə Qəmbər Hüseynlinin dünyanın 100-dən çox xalqının dilinə tərcümə olunan “Cücələrim” mahnısını səsləndiriblər.
Qəmbər Hüseynli 16 aprel 1916-cı ildə Gəncə şəhərinin Dördyol məhəlləsində anadan olub. Onun ən məhşur əsərləri “Ay işığında”, “Gecələr uzanaydı”, “İlk məhəbbət”, “Düşür yadıma”, “Gülə-gülə”, “Sən-sən” sayılır. Bəstəkar 1961-ci ildə Azərbaycan SSR-in “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb, “Şərəf nişanı” ordeni ilə təltif edilib.
