Gəncənin bir neçə hissəsində təmizlik işlərinin aparılmaması müşahidə olunub. Bu haqda Gencexeber.az 28 avqust tarixində xəbər verir.
Əldə etdiyimiz məlumata əsasən, zibilliklərin binaların, məktəblərin və bağçaların tam yaxınlığında olması sakinlərin narahatçılığına səbəb olur. Nəticədə bir çox valideyinlər uşaqlarını oynamaq üçün buraxa bilmir.
Belə ki, şəhərin bu ərazilərində təmizlik işlərinin uzun müddət aparılmaması müşahidə olunur:
- Yeni Gəncə qəsəbəsinin Mir Cəlal Paşayev və Həmidə Məmmədquluzadə küçələri.
- Savxoz Nizami adlandırılan ərazidə yerləşən Üzeyir Hacıbəyov küçəsi (7 nömrəli məktəbin yanı).
- Atatürk prospektində yerləşən Sosial Müdafiə Fondunun binasının yanı.
- Heydər Əliyev prospekti, 248-254 ünvanı.
- Şah İsmayıl Xətai prospekti, 47 ünvanı.
“Qəsəbənin Mir Cəlal Paşayev küçəsində yerləşən 56 və 57 nömrəli binaların ətrafı tullantılarla doludu. Artıq 3 aydır ki, burada təmizlik işləri aparılmır” – deyə sakinlərin biri bildirib.



