Gəncədə yerləşən bəzi məktəblərinin bugünkü vəziyyəti ürək açan deyil. Bu haqda 25 noyabr tarixində Kəpəz televiziyasına istinadən məlumat veririk.
Şəhərin 9 və 11 nömrəli orta məktəbləri təmirsiz, qapı-pəncərələri sınıq sinif otaqları, uçub-dağılan hasarlar və həyətlərində şagirdlər üçün şərait yaradılmayıb.
Puşkin adına 9 nömrəli orta məktəbin binası 1936-cı ildə hərbi hospital üçün tikilib. 1989-cu ildən bina uyğunlaşdırılaraq məktəb kimi fəaliyyət göstərib. Təhsil ocağı 3 mərtəbəli binadan və 1 yardımçı tikilidən ibarətdir. 549 şagirdin təhsil aldığı bu məktəbdə indiyə kimi heç bir əsaslı təmir və tikinti işləri aparılmayıb.
Dahi şairimiz Nizami Gəncəvinin adını daşıyan 11 nömrəli orta məktəbdə də acınacaqlı vəziyyət hökm sürür. 62 ildir fəaliyyət göstərən bu binada indiyə kimi heç bir əsaslı təmir işləri görülməyib. Orada 970 şagird təhsil alır.
Şəhərin ən böyük yaşayış massivlərindən olan Cavadxan qəsəbəsində ümumiyyətlə orta məktəbin olmaması sakinlərə çətinliklər yaradır.