İxtisas seçmək hüququ olan abituriyentlər təhsil almaq istədikləri ixtisasları və olnara ən yaxşı harada yiyələnə biləcəkləri universitetlərin axtarışındadırlar. Gəncədə isə 3 universitet fəaliyyət göstərir. Xaricdən və ya ölkəmizin digər şəhər və rayonlarından Nizami yurduna təhsil ardınca yola düşən gənclər yeni məkanda harada qalacaqları sualı ilə qarşılaşırlar.
Gencexeber.az olaraq şəhərimizin təhsil ocaqlarının tələbələrinə təklif etdikləri yataqxanalar haqqında məlumat toplayıb oxucularımıza təqdim edirik:
Gəncə Dövlət Universitetinin 3 korpusdan ibarət olan tələbə şəhərciyi istifadəyə verilmişdir. 750 nəfər tələbənin yerləşdirilməsi üçün nəzərdə tutulan kompleksin 2 korpusu qızlar, 1 korpusu isə oğlanlar üçün ayrılıb. Orada daima isti və soyuq su təminatı, internet, şəhərciyin hər bir tərəfində müşahidə kameraları quraşdırılıb. Bundan başqa, ərazidə tələbə yeməkxanası, fontan, futbol meydançası və söhbətgahlar inşa edilib.
Redaksiyamıza daxil olan məlumata əsasən, bir nəfər üçün aylıq ödəniş 60 manat məbləğində müəyyənləşdirilib. Burada yerləşmək üçün tələbələr sentyabrın 5-dək qeydiyyatdan keçməlidirlər. Müraciət etmək üçün aşağıda göstərilən linkdən keçid etmək lazımdır:
https://forms.office.com/r/8n4TppaPJP



Azərbaycan Dövlət Aqrar Universitetinin yataqxanasında isə bir nəfər üçün aylıq 35 manat təşkil edir. Təhsil ocağı bildirib ki, ölkədə çox az sayda bu cür yataqxana mövcuddur. Əlavə edilib ki, bahalaşmanın getdiyi bir zamanda universitet rəhbərliyi və şəxsən rektor İbrahim Cəfərov tələbələr narazı qalmasın deyə qiymətlərə xüsusilə nəzarət edir.
Təhsil ocağında 1000 nəfərdən çox gəncin yerləşəcəyi 2 tələbə şəhərciyi mövcuddur. Orada zəngin kitabxana, stomatoloji kabinet, müayinə otağı, fotoatelye fəaliyyət göstərir. Binalarda akt və fitnes zalları, ticarət, iaşə və məişət xidməti obyektləri də var. Otaqların hamısı zəruri mebel və inventarla təchiz edilib. Hər mərtəbədə istirahət guşələri və mətbəx yaradılıb. Burada su, elektrik, istilik və rabitə xətləri ilə təmin edilməsi üçün fərdi qazanxana, hovuz, nasosxana və transformator yarımstansiyası inşa olunub.


Azərbaycan Texnologiya Universitetinin yataqxanası isə fəaliyyət göstərmir. Əldə olunan məlumata əsasən, universitetin rəhbərliyi yaxınlıqda yerləşən peşə məktəbi ilə danışıqlar aparır. Həmin təhsil ocağının yataqxanasından istifadə edilməsi plamlaşdırılır. Bir neçə gün sonra bu məsələ ilə bağlı universitetə müraciət edən şəxslərə məlumat veriləcək.