Nizami yurdunda Türkiyənin Gəncədəki Baş Konsulluğunun təşəbbüsü ilə tədbir keçirilib. Bu haqda 24 aprel tarixində Gəncəxəbər.az Gəncə ŞİH-yə istinadən xəbər verir.
Tədbirdə Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, Gəncə Uşaq Evinin sakinləri, şəhid və qazi övladları iştirak ediblər.
Tədbirdən əvvəl qonaqlar istedadlı uşaqların əl işlərindən ibarət rəsm sərgisinə baxış keçiriblər.
Daha sonra Azərbaycan və Türkiyə Respublikalarının Dövlət Himnləri səsləndirilib və uşaqlar tədbiri açıq elan ediblər.
Recep Öztop çıxış edərək bildirib ki, Milli Suverenlik və Uşaq Bayramı Türkiyə Respublikasının qurucusu və ilk dövlət başçısı Mustafa Kamal Atatürkün dünya uşaqlarına verdiyi bir hədiyyədir. O qeyd edib ki, Türkiyənin hər bir tərəfində olduğu kimi, Azərbaycanın bölgələrində, o cümlədən Gəncə şəhərində də bu bayram böyük coşqu ilə qeyd olunur.
Çıxış edən natiqlər Türkiyə və Azərbaycanın tarixi bağlılığından söz açıblar. İki dövlət arasında olan qardaşlıq və əməkdaşlıq əlaqələrinin tarixi köklərə söykəndiyi qeyd edilib.
Daha sonra konsert proqramı təqdim olunub. Uşaq İncəsənət Məktəbinin “Xəmsə” zərb alətləri ansamblının, “Gəncə qönçələri” rəqs ansamblının, Gəncə Dövlət Filarmoniyasının “Xəmsə” uşaq rəqs ansamblının, “Uşaq Gənclər İnkişaf Mərkəzi”nin, Gəncə Uşaq Evinin və şəhərin ümumtəhsil məktəblərinin istedadlı şagirdlərinin təqdimatında müxtəlif çıxışlar izlənilib. Tədbirdə iştirak edən bütün uşaqlara Türkiyənin Gəncədəki Baş Konsulluğu tərəfindən hədiyyələr təqdim edilib.
Xatırladaq ki, 1920-ci il aprelin 23-ü Türkiyənin Birinci Böyük Millət Məclisinin yarandığı və türk xalqının suverenliyini elan etdiyi tarixdir. Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürk 1924-cü ildə 23 aprel tarixinin bayram kimi qeyd edilməsi haqqında qərar imzalayıb. Bu tarixdən 5 il sonra – 1929-cu ildən etibarən Türkiyədə 23 aprel tarixi Milli Suverenlik və Uşaq Bayramı kimi qeyd olunmağa başlayıb.