Gəncədə rəsm müsabiqəsi keçiriləcək. Bu haqda 18 fevral tarixində Gəncə şəhər Təhsil İdarəsi məlumat paylaşıb.
“Xocalı soyqırımı şagirdlərin gözü ilə” adlı müsabiqəyə əsər qəbulu 18-24 fevral tarixlərində 3 yaş kateqoriyası üzrə (6-9, 10-13, 14-17) aparılır. Burada məktəblilər iştirak edəcəklər.
Rəsm-müsabiqə üzrə tələblər aşağıdakılardır:
- Rəsm müsabiqəsinə hər bir məktəbdən 1 iştirakçı 1 rəsm işi göndərə bilər;
- İki və daha çox iştirakçının birgə hazırladıqları işlər qəbul edilmir;
- Rəsm işlərinin işlənmə texnikası sərbəstdir;
- Rəsmlər A3 formatda təqdim edilməlidir;
- İnternet və digər oxşar resurslardan köçürülmüş məzmunda olan rəsmlər qəbul edilmir;
- Rəsm işləri təqdim edilərkən müəllif haqqında ətraflı məlumat – şagirdin adı, soyadı, atasının adı, təvəllüdü, oxuduğu məktəb, sinif və əlaqə vasitəsi qeyd olunmalıdır;
- Müsabiqəyə göndərilən rəsmlər geri qaytarılmır.
Son müraciət tarixi 24 fevraldır. İştirak etmək istəyənlər rəsm əsərlərini Gəncə şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzinə göndərməlidirlər. Müsabiqədə ilk üç yerə çıxanlar hədiyyə ilə mükafatlandırılacaq.