Gəncədə yerləşən 47 nömrəli uşaq bağçasında təmir işləri gedir. Bu haqda Gencexeber.az-ın müxbiri 5 oktyabr tarixində xəbər verib.
Binanın dam örtüyü yenilənir. Növbəti mərhələdə divarlara çöl tərəfdən suvaq vurulacaq. Sonra aqlay daşı ilə üzlənəcək.
Əldə etdiyimiz məlumata əsasən, əvvəllər dam örtüyü qurulanda “şiferin” altında taxta karkas yox idi, indi isə atma taxtalar ilə yığılır. İşlər dörd günə yaxındır ki, davam edir.
Ustaların sözlərinə görə, yağışlı hava hökm sürməsinə baxmayaraq onlar dayanmadan çalışırlar. Tapşırıq verilib ki, tez bir zamanda bitirsinlər təmiri.
“Bağçada fəaliyyət dayanmayıb, uşaqlarımızı gətiririk. Çox yaxşı bağçadı, balalarımız məşğuliyyətlərindən və yeməklərindən razıdırlar” – deyə, bağçaya uşaq gətirən valideyin söyləyib.
Qeyd edək ki, şəhərin Şah İsmayıl Xətai prospektində yerləşən bağçanın pəncərələri erməni terroru zamanı atılan raket səbəbindən qırılmışdır.



