Gəncədə maarifləndirici tədbir təşkil olunub. Bu haqda 31 mart tarixində FHN-ə istinadən məlumat veririk.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir. Bu məqsədlə qurum “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyində yanğın təhlükəsizliyinə dair maarifləndirmə tədbiri keçirib. Burada müəssisənin personalı iştirak edib.
Tədbirdə ümumi ərazilərin, istehsalat sahələrinin yanğın təhlükəsizliyi ilə bağlı vəziyyəti öyrənilib, aşkar olunmuş çatışmazlıqların aradan qaldırılmasına dair tövsiyələr verilib. Artıqyüklənmə, qısaqapanma, izolyasiyanın pozulması, naqillərin müvafiq texniki qaydalara uyğun çəkilməməsi, montaj işlərindəki səhvlər və yanğın təhlükəsizliyinə zidd digər halların baş verməməsi üçün qabaqlayıcı tədbirlərin görülməsinin zəruriliyi diqqətə çatdırılıb.
Burada ilkin yanğınsöndürmə vasitələrinin təsnifatı və tətbiqolunma qaydası haqqında söhbət aparılıb, odsöndürən balonlardan istifadə qaydası əyani şəkildə nümayiş etdirilib, suallar cavablandırılıb.