Gəncədə mülki müdafiə ilə bağlı növbəti tədbir keçirilib. Bu haqda 3 may tarixində İcra Hakimiyyətinə istinadən məlumat veririk.
Rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə olunmasının təşkili” mövzusunda baş tutub. Tədbirə İcra Hakimiyyəti başçısı yanında fəaliyyət göstərən Fövqəladə Hallar Komissiyasının üzvləri, mülki müdafiə işinin aparıcısı, mülki müdafiə qüvvələrinin komandir-rəis heyəti və Gəncə Regional Mərkəzinin Mülki Müdafiə İdarəsinin əməkdaşları cəlb ediliblər.
Məqsəd mülki müdafiə planının reallığının, o cümlədən rəhbər, komandir-rəis heyətinin fövqəladə hadisələr zamanı hazırlıq səviyyəsinin yoxlanılması və fövqəladə hadisələr zamanı fəaliyyət üzrə biliklərinin təkmilləşdirilməsindən ibarət olub. İki mərhələdən ibarət olan məşqlərin ilkin mərhələsində məşqin mövzusu, məqsədi və şərti olaraq baş vermiş fövqəladə hadisələr barədə məlumatlar verilib, obyektin mülki müdafiə planı və hər bir vəzifəli şəxsin funksional vəzifələri nəzərdən keçirilib, xilasetmə işlərinə cəlb olunacaq qüvvə və vasitələrin hesabatı dəqiqləşdirilib.
İkinci mərhələdə qəza-xilasetmə işlərinin aparılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili, düzgün qərarlar qəbul etmək bacarığı və eyni zamanda mülki müdafiə qüvvələrinin fövqəladə hadisə baş vermiş ərazilərdə xilasetmə və digər təxirəsalınmaz işləri aparmaq bacarığı nəzəri olaraq sxem üzərində nümayış olunub. Şərti olaraq baş vermiş fövqəladə hadisələr (zəlzələ, yanğın, partlayış, dağıntı) barədə kəşfiyyat məlumatlarına əsasən, müəssisəyə mülki müdafiə qüvvələri yeridilib, “xəsarət alanlar” təhlükəli ərazidən çıxarılıblar, ilk tibbi yardım göstərilərək aidiyyəti üzrə təhvil veriliblər.
Daha sonra iştirakçılara metodiki məşğələ keçirilib. Məşqin gedişi zamanı verilən məlumatlar sxemdə öz əksini tapıb. Məşqin yekunu ilə əlaqədar mülki müdafiə qüvvələrinin rəhbər, komandir-rəis heyətinin sxem üzrə dinləmələri keçirilərək təhlillər aparılıb, FHK tərəfindən qarşıya çıxan nöqsanlar müzakirə olunub və aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verilib.