Gəncədə tələbələrlə görüş keçirilib. Bu haqda 11 aprel tarixində GDU-ya istinadən məlumat veririk.
Elm və Təhsil Nazirliyinin İnsan Resursları şöbəsinin məsul əməkdaşları Tükəzban Quliyeva və Ülvi İsmayılov Gəncə Dövlət Universitetinin təcrübəçi tələbələri ilə görüşublər. Tədbir 39 nömrəli tam orta məktəbin Təcrübə və karyera mərkəzində təşkil olunub. Burada tələbələrin arzu və təklifləri dinlənilib.
Daha sonra Elm və Təhsil Nazirliyinin əməkdaşları universitetin təcrübəçi tələbələri – Fransız dili ixtisasının IV kurs tələbəsi Şəhrabanı Məmmədova, Təsviri incəsənət müəllimliyi ixtisası üzrə IV kurs tələbəsi Esmiralda Hüseynova, Riyaziyyat müəllimliyi ixtisası üzrə IV kurs tələbəsi Aqilən Həşimlinin sınaq dərslərində iştirak ediblər. Dərslər müasir təlim metodlarına uyğun təşkil olunub, mövzunun materiallarından irəli gələn məsələlər aydınlaşdırılıb, qarşıya qoyulan tələblər lazımınca ödənilib.
Sonda təcrübəçi tələbələrin təqdim etdiyi sınaq dərsləri məqbul qiymətləndirilib. Onlara köməklik məqsədilə bir sıra metodiki xarakterli məsləhətlər verilib.