Gəncə Dövlət Dram Teatrına təyin olunan baş rejissorun kimliyi bəlli olub. Bu haqda məlumatı iyunun 9-u Apa-ya istinadən veririk.
Mədəniyyət Nazirliyinin müvafiq əmri ilə Elşad Eldar oğlu Əhmədov Gəncə Dövlət Dram Teatrının baş rejissoru təyin olunub. Teatrın direktoru Aqil Bəhramlı baş rejissoru kollektivə təqdim edib.
Mərasimdə Xalq artistləri Alim Məmmədov, Pərvanə Qurbanova, Əməkdar artistlər Elxan Yunis, Ramiz Vəliyev, Novruz Cəfərov və digərləri iştirak ediblər. Onlar çıxış edərək Elşad Əhmədovu yeni təyinat münasibətilə təbrik edərək yaradıcılığında uğurlar arzulayıblar.
Qeyd edək ki, Elşad Əhmədov uzun illərdir teatrda rejissor vəzifəsində çalışıb. O, 1 noyabr 1981-ci ildə Gəncə şəhərində anadan olub. 1998-ci ildə AzDMİU-nun Teatr və Kino sənəti fakültəsinin Dram-Kino aktyorluğu ixtisası üzrə Həsənağa Turabovun kursuna qəbul olunub.
2002-ci ildə Azərbaycan Teatr Xadimləri İttifaqının keçirdiyi A.M.Şərifzadə adına “ÜFÜQ XXI” Eksperimental Tamaşalar Festivalında S.Bekketin “İlk məhəbbət” hekayəsi əsasında hazırlanmış eyniadlı monotamaşadakı ifasına görə festivalın “Ən cəsarətli yaradıcılıq işi” nominasiyası ilə təltif olunub.
Elşad Əhmədov 2014-cü ildən Gəncə Dövlət Dram Teatrında quruluşçu rejissor kimi fəaliyyətə başlayıb və bir çox tamaşalara quruluş verib.