Aybəniz Həsən qızı Haşımova 22 avqust 1968-ci ildə Gəncə şəhərində anadan olub.
O, Bülbül adına orta ixtisas musiqi məktəbini bitirib, sonra isə təhsilini Azərbaycan Musiqi Akademiyasında davam etdirib. Yaradıcılığa 1979-cu ildən başlayan sənətçi “Bülbüllər” uşaq xorunun tərkibində fəaliyyət göstərib. Bir qədər sonra isə solo debüt edib və 100-dən çox mahnının ifaçısı olub. Müğənni Gəncə Filarmoniyasının və Rəşid Behbudov Adına Mahnı Teatrının solisti kimi fəaliyyət göstərib.
Aybəniz Haşımova “Sənət Akademiyası”nın təsisçisidir. Müğənni Azərbaycan “Xalq Ulduzu” müsabiqəsinin münsiflər heyətinin üzvü olub.
Haşımova, həmçinin Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində rejissorluq fakültəsində təhsil alıb. O, “Şerəli və Aybərçin” (1989), “Məriz” (2015) filmlərində rollar ifa edib.
Aybəniz Haşımovaya 2008-ci ildə Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı xidmətlərinə görə “Azərbaycan Respublikasının Əməkdar artisti” fəxri adı verilib.