Bu gün l Qarabağ müharibəsi şəhidləri Müşviq Abbasov və Rauf Nağıyevin doğum günüdür.
Müşviq Abbasov 1973-cü il yanvarın 28-də Gəncə şəhərində ziyalı ailəsində anadan olub. İgidimiz 27 saylı orta məktəbdə təhsil almış, Avtonəqliyyat texnikumunu fərqlənmə diplomu ilə bitirmişdir. Həqiqi hərbi xidmətini uzaq Şərqdə, Vladivostokda keçirmişdir.
1993-cü il fevral ayının 1-dən etibarən könüllü olaraq milli orduya yazılan Müşviq 01 saylı hərbi hissədə sıravi atıcı olub. Kəlbəcər uğrunda gedən ağır döyüşlərdə xüsusi fədakarlıq göstərən Müşfiq Abbasov erməni qəsbkarlarının hiyləsi ilə Yanşaq-Buzlaq yaxınlığında 4 gün mühasirədə qalan dəstənin 6 üzvünü xilas edə bilib.
Abbasov Müşfiq Cəbrayıl oğlu 28 yanvar 1994-cü ildə şəhid olub.
Rauf Allahverən oğlu Nağıyev 28 yanvar 1970-ci ildə Gəncədə dünyaya göz açıb.
Fəxrimiz Qarabağ savaşı başlananda könüllü olaraq cəbhəyə yollanıb və 190 saylı hərbi hissədə bölük komandiri olub. O, dəfələrlə hərbi əməliyyatların hazırlanmasında fəal iştirak edib. Bir neçə dəfə pul mükafatına layiq görülən baş leytenant Nağıyev 1993-cü il dekabrın 15-də Fəxri Fərmanla təltif olunub.
Rauf Allahverdi oğlu Nağıyev 1994-cü il aprelin 13-də Ağdərə rayonunda əsgəri borcunu yerinə yetirərkən şəhidlik zirvəsinə ucalıb.