Bu gün şəhidlər Vaqif İsgəndərov və Səbuhi Xasayevin doğum günüdür.
Vaqif Əli oğlu İsgəndərov 15 may 1969-cu ildə Qərbi Azərbaycanın Şamluq qəsəbəsində anadan olub. 1976-cı ildə Şamluq qəsəbəsi orta məktəbinin 1-ci sinfinə gedib, 1983-cü ildə isə 8-ci sinfini bitirib. Daha sonra Gəncədə yerləşən 27 saylı texniki-peşə məktəbində təhsilini davam etdirib.
1987-ci ildə həqiqi hərbi xidmətə çağırılıb və Rusiya Federasiyasının Murmansk vilayətinin Mançeqorsk şəhərində xidmətini başa vurub. İki il sonra geri qayıdaraq Gəncə şəhərinə gəlib. 26 oktyabr 1992-ci ildə Kəpəz Rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb. O, Murov dağında gedən döyüşlərdən qayıtdıqdan sonra, 2 noyabr 1992-ci ildə 3 saylı batalyonun tərkibində Tovuz, Ağstafa, Gədəbəy uğrunda gedən döyüşlərdə iştirak edib.
Vaqif Əli oğlu İsgəndərov 30 dekabr 1992-ci ildə Gədəbəy rayonunun Saratovka kəndi uğrunda gedən qızğın döyüşlərin birində düşmən snayperinin gülləsinə tuş gələrək şəhidlik zirvəsinə ucalıb.
Səbuhi Lütviq oğlu Xasayev 15 may 1963-cü ildə Gəncədə anadan olub. 1980-ci ildə 5 saylı orta məktəbi qızıl medalla bitirib. Daşkənd Dövlət Universitetində hüquqşünas ixtisasına yiyələnib. Daha sonra orada prokuror köməkçisi vəzifəsində işləyib. I Qarabağ müharibəsi zamanı Gəncəyə qayıdaraq Qazax hərbi qarnizonunun prokurorluğunda baş müstəntiq vəzifəsində çalışmağa başlayıb.
29 mart 1994-cü ildə leytenant Səbuhi Xasayev Gədəbəy rayonunun Şınıx bölgəsində xidməti vəzifəsini yerinə yetirərkən mina partlayışı nəticəsində şəhidlik zirvəsinə ucalıb.