Şəhidlər Samir Əliyev və Qabil Məhərrəmovun anandan olduqları gündür.
Əliyev Samir Eyyub oğlu 1 aprel 1975-ci ildə Gəncə şəhərində anadan olub. O, İmaməddin Nəsimi adına 44 saylı orta məktəbin 8-ci sinfini bitirib. 1989-cu ildə “Metallurq” mədəniyyət sarayında qarmon dərsi aldıqdan sonra 38 saylı texniki-peşə məktəbində elektrik qaynaqçısı peşəsinə yiyələnib. Samir Əliyev 11 oktyabr 1993-cü ildə Kəpəz Rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. O, 7 yanvar 1994-cü ildə Ağdamın Güllücə kəndinin müdafiəsində igidliyi ilə fərqlənib. Göstərdiyi hərbi xidmətə görə hərbi hissə komandiri tərəfindən Fəxri Fərmanla təltif olunub.
Samir Eyyub oğlu Əliyev 17 aprel 1994-cü ildə Ağdərə uğrunda gedən döyüşlərdə şəhid olub.
Qabil Qadir oğlu Məhərrəmov 1 aprel 1953-cü ildə Gəncə şəhərində dünyaya göz açıb. Gəncənin qeyrətli oğulları kimi Qabil Məhərrəmov da 1 saylı Özünümüdafiə batalyonuna yazılıb. Göstərdiyi hərbi xidmət müqabilində əsgər yoldaşlarının hörmətini qazanmışdı. Gənc hərbçi Məhərrəmov Qabil verilən hərbi tapşırıqları layiqincə yerinə yetirərdi.
Qabil Qadir oğlu Məhərrəmov 1992-ci il oktyabrın 12-də Ağdərə rayonunun Vəng kəndində gedən qanlı döyüşlərin birində qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Məzarı Gəncə Şəhidlər xiyabanındadır.