26.9 C
Gence
23.5 C
Ganja

Bu gün iki Birinci Qarabağ müharibəsi şəhidinin doğum günüdür

1 fevral Əhmədov Niyazi Yasin oğlu və Həsənov Əlişir Nazim oğlunun anadan olduqları gündür.

Əhmədov Niyazi Yasin oğlu 1969-cu il fevralın 1-də Gəncə şəhərində dünyaya gəlib. N.Rəfibəyli adına 43 saylı orta məktəbin 8-ci sinfini 1984-cü ildə bitirdikdən sonra 38 saylı texniki-peşə təhsilli məktəbdə avtomobil çilingəri peşəsinə yiyələnib. Niyazi Əhmədov 1987-1989-cu illərdə Yakutiyada Sovet ordusu sıralarında xidmət edib.

Niyazi Əhmədov hərbi xidmətdən qayıtdıqdan sonra 1989-cu ildə ailə həyatı qurmuşdur. 2 övladı var: Tural və Türkan. Niyazi Əhmədov 1992-ci il martın 13-də torpaqlarımızın erməni qəsbkarlarından azad edilməsi uğrunda döyüşmək üçün könüllü olaraq cəbhəyə yollanıb. Göstərdiyi layiqli hərbi xidmətə görə Niyazi Əhmədov hərbi hissə komandiri tərəfindən Fəxri Fərmanla təltif olunub. Niyazi Yasin oğlu Əhmədov 1994-cü il aprelin 21-də Horadiz qəsəbəsi yaxınlığında gedən ağır döyüşlərin birində şəhadətə ucalıb.

Həsənov Əlişir Nazim oğlu 1 fevral 1964-cü il tarixində Rusiya Federasiyasının Krasnoyarsk vilayətində anadan olub, hələ körpə ikən valideynləri ilə birlikdə ata yurdu Gəncə şəhərinə gəlib. Əlişir Həsənov 1981-ci ildə 30 saylı orta məktəbi bitirib. O, 1982-1984-cü illərdə Rusiya Federasiyasının Samara şəhərində hərbi xidmətdə olub. 1985-ci ildə ailə qurmuş, Teymur və Həsən adlı 2 oğlan övladı dünyaya gəlmişdir.

26 fevral 1992-ci il tarixində erməni işğalçıları tərəfindən törədilmiş Xocalı soyqırımından sonra vətənin ağır dərdi onu rahat buraxmamış, erməni qəsbkarlarının törətdikləri vəhşiliklərə dözə bilməmiş və öz istəyi ilə Kəpəz Rayon Hərbi Komissarlığı tərəfindən cəbhəyə çağırılmışdır. 17 fevral 1994-cü ildə Füzuli rayonunun Aşağı Veysəlli kəndi uğrunda gedən qızğın döyüşlərin birində şəhid olub və Gəncə şəhər Şəhidlər xiyabanında dəfn olunub. Azərbaycan Respublikası Prezidentinin 20 iyun 1994-cü il tarixli fərmanı ilə Azərbaycan torpaqlarının erməni işğalçılarından müdafiəsində gedən döyüşlərdə şəxsi igidlik və şücaətinə görə Həsənov Əlişir Nazim oğlu ölümündən sonra “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub.