16.4 C
Gence
16.4 C
Gence

Bu gün üç şəhidimizin mövlududur

Bu gün şəhid Natiq Novruzov, İlqar Mustafayev və Rafiq Aslanovun doğum günüdür.

Natiq Fəxrəddin oğlu Novruzov 29 mart 1971-ci ildə Gəncədə anadan olub. 39 saylı orta məktəbin 8-ci sinfini bitirdikdən sonra Avtomobil texnikumunda təhsilini davam etdirib. 1989-cu ildə həqiq hərbi xidmətə çağırılıb. İki il Tacikistanda xidmət etdikdən sonra Vətənə qayıdan həmyerlimiz bir müddət Gəncə Maşınqayırma zavodunun inşasında sürücü kimi işləyib.

I Qarabağ müharibəsi zamanı Natiq Novruzov 1992-ci ilin oktyabr ayında könüllü olaraq cəbhəyə yollanıb. Novruzov Natiq Fəxrəddin oğlu 19 noyabr 1992-ci ildə şəhidlik zirvəsinə ucalıb.

İlqar Firuddin oğlu Mustafayev 29 mart 1974-cü ildə Gəncədə anadan olub. 27 saylı texniki-peşə məktəbini bitirdikdən sonra könüllü olaraq cəbhəyə yollanıb. Beyləqan uğrunda gedən döyüşlərdə İlqar Mustafayev ağır yaralanaraq evə qayıdıb. O, sağalan kimi yenidən cəbhəyə getməyə can atıb və bunun üçün dəfələrlə hərbi komissarlığa müraciət edib.

6 oktyabr 1993-cü ildə İlqar səfərbərliyə alınıb. O, Beyləqan, Ağcabədi, Füzuli rayonlarının müdafiəsində iştirak edib. Mustafayev İlqar Firuddin oğlu 22 mart 1994-cü ildə 5 nəfər döyüşçü ilə birlikdə Füzuli rayonu ərazisində döyüş tapşırığını yerinə yetirərkən minaya düşərək şəhidlik zirvəsinə ucalıb.

Rafiq Məmməd oğlu Aslanov 29 mart 1974-cü ildə Gəncədə anadan olub. 77 saylı texniki-peşə məktəbində oxuyan zaman təhsilini yarımçıq qoyaraq Nizami Rayon Hərbi Komissarlığının çağırışı ilə ordu sıralarına qatılıb.

22 sentyabr 1995-cü ildə Rafiq Aslanov postda xidməti vəzifəsini yerinə yetirərkən bir neçə yük maşını qəfildən yaxınlaşıb. Bu vaxt onlar atəş açmağa başlayıblar. Atışma bir neçə saat davam edib. Sonda Aslanov Rafiq Məmməd oğlu postu qoruyarkən qəhrəmancasına həlak olub.

Ən Çox Oxunan