Mehriban Arif qızı Əliyeva 1964-cü ildə Bakıda anadan olub.
O, burada 23 №-li orta məktəbdə təhsil alıb, daha sonra isə N.Nərimanov adına indiki Azərbaycan Dövlət Tibb Universitetinin müalicə-profilaktika fakültəsinə daxil olub. Mehriban Əliyeva 1988-ci ildə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb İnstitutunu bitirib. O, 1990-1995-ci illərdə Moskvada Göz Xəstəlikləri Elmi-tədqiqat İnstitutunda işləyib.
Mehriban Əliyeva 1995-ci ildə Azərbaycan Mədəniyyət Fondunu təsis edib və hazırda da onun rəhbəridir. 1996-cı ildə isə o, “Azərbaycan – İrs” jurnalını təsis edib.
Mehriban xanım 2002-ci ilin oktyabrında Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib. O, 2004-cü ildən Heydər Əliyev Fonduna rəhbərlik edir. Həmçinin həmin ilin dekabrında Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin IV Baş Məclisində MOK-nın İcraiyyə Komitəsinə üzv seçilib.
Əliyeva 2004-cü ildən Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, 2013-cü ildən isə partiyanın sədr müavinidir. Bundan əlavə, Mehriban xanım 2005, 2010 və 2015-ci illərdə üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikasının Milli Məclisinin deputatı seçilib. 2016-cı ilin iyununda o, Bakıda keçirilən Dünya Azərbaycanlılarının IV Qurultayında Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü seçilib.
Mehriban Əliyeva 21 fevral 2017-ci ildə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin edilib.
Ailəlidir, iki qızı, bir oğlu və beş nəvəsi var.