Gəncədə məhəllələrdən birinin abadlaşma işlərinə ehtiyacı var. Bu haqda Gencexeber.az-a 22 avqust tarixində məlumat daxil olub.
Söhbət şəhərin Zülfüqar Məmmədov küçəsindən gedir. Buradakı binaların qarşısında yerləşən ərazi baxımsız vəziyyətdədir. Sakinlərin sözlərinə görə, məhəllədə asfalt örtüyü mövcud deyil. Həmçinin burada uşaqların asudə vaxtlarını keçirməsi üçün meydançalar salınmayıb. Ərazidə iki ədəd köhnə skamya yerləşir.
“Məhəlləmizin təmir olunmasını istəyirik. Uşaqlarımız həyətdə toz-torpaqda oynayır. Onlar üçün oyun meydançaları salınsa, skamyalar qoyulsa, yaxşı olar. Bundan başqa, yolumuz da asfaltsızdır. Çox sayda çuxurlar var. Yağış yağanda böyük gölməçələr əmələ gəlir. Məhəllənin abadlaşdırılmasını arzu edirik”, – deyə bina sakinləri qeyd ediblər.