Gəncədə köşklərin ətrafdakı ərazini zəbt etməsi bəzi sakinlərin narazılığına səbəb olur. Bu haqda Gencexeber.az-a 29 aprel tarixində məlumat daxil olub.
Əldə etdiyimiz məlumata əsasən, bir sıra köşklər soyuducuları avtobus dayanacaqlarının qarşısına və ya içinə yerləşdiriblər. Sözügedən vəziyyət şəhərin Nizami prospektində – Mərkəzi Univermağın, Mərkəzi kitabxananın qabağında, Atatürk prospektində – YAP-nin qarşısında, Təbriz küçəsində – 16 nömrəli məktəbin yanında və digər ərazilərdə müşahidə olunur.
Bu hal sakinlər tərəfindən birmənalı qarşılanmır. Əksəriyyət bundan narazı olsa da, bəziləri köşk sahiblərinin bu cür pul qazandığını deyərək onlara haqq qazandırırlar.
“Yağışda, günəşli, isti havada, küləkdə avtobus gözləyəndə dayanacaqda durmaq və ya oturub dincəlmək istəyirik. Lakin dayanacaqda dura bilmirik, ərazi köşk sahibləri tərəfindən zəbt olunub”, – deyə sakinlərin bir qismi bildirir.
Digər qismi isə bu cür fikir bildirir:
“Köşk sahibi buradan özünə çörək pulu qazanır, ailəsini dolandırır. Həmçinin avtobus gözləyən zaman canımız nəsə çəkəndə elə buradanca alırıq, uzağa getməyə ehtiyac qalmır”.