Gəncədə Regional Autizm Mərkəzi yaradılır. Bu haqda 12 sentyabr tarixində Report-a istinadən məlumat veririk.
Mərkəz “AzerGold” QSC-nin və Heydər Əliyev Fondunun dəstəyi, “Birgə və Sağlam” İctimai Birliyinin təşkilatçılığı ilə açılır. Məqsəd autizm spektr pozuntulu (ASP-li) şəxslərin fərdi inkişafına dəstək, onların erkən diaqnostikası və sıx reabilitasiya almaları və maarifləndirmə işlərinin aparılmasıdır. Layihə Gəncə şəhəri, Daşkəsən, Göygöl, Goranboy, Şəmkir və Tovuz rayonlarından olan ASP-li şəxsləri və onların ailələrini əhatə edəcək.
Burada region üzrə ailələr yerli və beynəlxalq mütəxəssislər tərəfindən tibbi və psixo-pedaqoji qiymətləndirmədən keçiriləcək, risk qrupuna aid edilən, xüsusi təhsil dəstəyinə ehtiyacı olan uşaq və yeniyetmələrin sayı müəyyənləşdiriləcək. Daha sonra həmin şəxslər məktəbəqədər təhsil, ixtisasəldəetmə, özünüidarəetmə və müstəqil davranış bacarıqlarına yiyələnmə kimi ehtiyaclara uyğun olaraq təlim və bərpa prosesinə cəlb olunacaqlar.
Həmçinin ASP-li şəxslərin valideynləri üçün də dəstək proqramları təşkil ediləcək. Qeyd edilən bütün fəaliyyətlər ödənişsiz həyata keçiriləcək.