Gəncədəki universitetlərin birinin nümayəndələri istehsalat müəssisəsində olublar. Bu haqda 4 noyabr tarixində ATU-ya istinadən xəbər veririk.
Azərbaycan Texnologiya Universitetinin prorektoru Raqif Hüseynovun rəhbərliyi ilə nümayəndə heyəti Şəmkirdə yerləşən “Çörəkçi” zavoduna baş çəkib. Tədbirdə inkişaf və rəqəmsallaşma üzrə müşavir Mehman Kərimov, Qida mühəndisliyi və ekspertiza kafedrasının müdiri professor Əhəd Nəbiyev, dekan müavini Hafiz Əsgərov, əməkdaşı Eldəniz Bayramov və zavodun direktoru Rasim Şərəfov iştirak ediblər.
Görüşdə universitet ilə “Çörəkçi” zavodu arasında əməkdaşlıq məsələləri barədə müzakirələr aparılıb. Daha sonra nümayəndə heyəti müəssisənin infrastrukturu, istehsalat prosesi, tətbiq olunan müasir texnologiyalar, avadanlıqların iş prinsipi və kadr tələbatı ilə yaxından tanış olublar.
Qeyd edək ki, “ATS Food” MMC-yə məxsus olan “Çörəkçi” zavodunun əsası 2014-cü ildə qoyulub.