Gəncədə əmək yarmarkası təşkil olunub. Bu haqda 23 may tarixində ATU-ya istinadən məlumat veririk.
Yarmarka Azərbaycan Texnologiya Universiteti və Dövlət Məşğulluq Agentliyinin birgə təşkilatçılığı ilə baş tutub. ATU-nun rektor vəzifəsini müvəqqəti icra edən Yaşar Ömərov universitetdə əmək bazarının tələblərinə uyğun kadr hazırlanması istiqamətində görülən işlərdən danışıb. Daha sonra icra başçısının müavini Adil Tağıyev, millət vəkili Müşfiq Cəfərov, YAP Gəncə Şəhər Təşkilatının sədri Bayram Aslanov, Gəncə-Daşkəsən Regional Məşğulluq filialının müdiri Elməddin Qurbanov, Dövlət Məşğulluq Agentliyinin tabeliyində Gəncə Peşə Hazırlığı Mərkəzinin müdir müavini Toğrul Yusifli işaxtaranlara uğurlar arzulayıblar.
Universitetin bu il məzun olacaq 660 tələbə və magistri, həmçinin ötən illərin məzunları işəgötürənlərin stendlərinə yaxınlaşaraq vakansiyalarla yaxından tanış olub, şəxsi məlumatlarını təqdim ediblər. Azəralüminium, AzerGold, Azərsun Holding, Qəbələ Konserv zavodu, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, KOBİA, Şəmkir Aqroparkı kimi dövlət və özəl müəssisələri, Kapital Bank, Bank of Baku, Paşa Bank və.s banklar işəgötürənlər qismində tədbirə qatılıblar.
Ümumilikdə əmək yarmarkasında 40-dan çox müəssisə tərəfindən 400-dən artıq vakansiya təqdim olunub. Tədbir universitet tarixində miqyasına görə ən böyük məzun yarmarkası olaraq qeydə alınıb.