Gəncədə arıçılar çətinliklə üzləşiblər. Bu haqda 20 noyabr tarixində Kəpəz televiziyasına istinadən məlumat veririk.
Buna səbəb cari ildə anomal hava şəraitinin olmasıdır. Arıların qış yuxusunda olması yerinə aktivliyi müşahidə edilir. Hal-hazırda bəzi ağacların çiçək açması səbəbindən arılar hələ də iş başındadır. Bu da mövsümi məhsuldarlığı aşağı salır.
“Arılar yatmaq, qışa hazırlaşmaq əvəzinə, işləməklə məşğuldurlar. Ətrafda da “yapon əzgili” (muşmula) intensiv çiçəkləyir. Arılar da çiçək tozu və nektar gətirirlər. Belə olduqda isə yuvada ana yumurtlayacaq”, – deyə arıçılar qeyd ediblər.
Uzun illər arıçılıqla məşğul olan Fizuli Verdiyevin sözlərinə görə, pətəklərini yaz dövründə çiçəkli məkanlara aparsa da, arılar intensiv yağışlar üzündən bal yığa bilməyib. İndi isə arıların qış yuxusu vaxtı belə aktivliyi onların kütləvi tələf olmasına gətirib çıxarır.
Arıçılıq Mərkəzinin direktoru bildirib ki, arıçılarımız dağlıq, dağətəyi bölgələrdə arıların qışlamasına temperaturun daha aşağı həddində olan sahələrdə üstünlük verməlidirlər.