Gəncədə əmək yarmarkası keçirilib. Bu haqda Gencexeber.az-a 31 may tarixində məlumat daxil olub.
15-ci Karyera Sərgisi Azərbaycan Dövlət Aqrar Universitetində təşkil olunub. Tədbirin açılış mərasimində ADAU-nun rektor vəzifəsini icra edən Zəfər Qurbanov çıxış edib. O bildirib ki, sərgidə 75-dən çox təşkilat və şirkət tərəfindən 800-dən çox vakant yer təqdim olunub.
Tədbirdə Kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov, Türkiyənin Gəncə şəhərindəki Baş Konsulu Rəcəp Öztop, Ege Universitetinin rektoru Necdet Budak və başqaları çıxış ediblər. “Agrodairy” şirkətinin icraçı direktoru Niyazi Əmirbəyov, “AzGranata” MMC-nin icraçı direktoru Yusif Ləzgiyev, “Azərsun Holdinq” MMC-nin İnsan resursları departamentinin müdiri Yaşar Savadov təqdim olunan iş yerləri barədə məlumat verib, tələbələri öz karyeralarını qurmaq üçün iş imkanlarından yararlanmağa çağırıblar.
İştirakçı şirkət və müəssisələrin təmsilçiləri vakant iş yerləri barədə məzunlara və qonaqlara məlumat veriblər. Görüş çərçivəsində ADAU Məzunlar Assossiasiyasının yaradılması və digər məsələlər müzakirə olunub.
Sonda təhsili müvəffəqiyyətlə başa vuran tələbələrə sertifikatlar və hədiyyələr təqdim edilib.