Gəncədə növbəti master-klas təşkil olunub. Bu haqda Gencexeber.az-a 1 may tarixində məlumat daxil olub.
Ustad dərsi Azərbaycan Cüdo Federasiyası tərəfindən “Gəncə Mall”da keçirilib. Master-klası təcrübəli cüdo mütəxəssisləri aparıblar. Tədbir zamanı ictimaiyyətə cüdonun fəlsəfəsi, onun uşaqların və gənclərin mənəvi və fiziki tərbiyəsində oynadığı rol barədə məlumat verilib. Bildirilib ki, məqsəd idmanla məşğul olan uşaqların, gənclərin sayını artırmaq və cüdo idman növünü təbliğ etməkdir.
Master-klas zamanı ACF prezidentinin müşaviri Natiq Bağırov Avropa çempionatının qızıl medalçıları Vüqar Talıbov və Vüsal Qələndərzadə ilə birgə müxtəlif cüdo fəndlərinin yerinə yetirilməsini uşaqlara və gənclərə nümayiş etdiriblər, sakinlərlə söhbət ediblər və onları cüdo ilə məşğul olmağa dəvət ediblər.
Sonra iştirakçılar üçün viktorinalar təşkil olunub, cüdo idman növü üzrə verilən suallara düzgün cavab verən şəxslərə hədiyyələr verilib.