Gəncə sakini universitetdən diplomunu ala bilmir. Bu haqda 5 may tarixində Qafqazinfo-ya istinadən məlumat veririk.
Şəhər sakini M.M. (şərti) illər əvvəl Azərbaycan Beynəlxalq Universitetində təhsil aldığını deyir. Lakin diplomu olmadığından işləyə bilmədiyi bildirir:
“2004-cü ildə Mahaçqala universitetinə qəbul oldum. 2005-ci ildə isə köçürmə yolu ilə Azərbaycan Beynəlxalq Universitetinə qəbul edildim. Pedaqoji ixtisas üzrə qiyabi təhsil almışam. Təhsil aldığım müddət ərzində bütün dərslərdə və imtahanlarda iştirak etmişəm. İllik ödəniş təxminən 235 manat idi, onu da vaxtında ödəmişəm. 2009-cu ildə universitet bağlandı və mən diplomumu ala bilmədim. Sonuncu il bir müəllim var idi, mənə dedi: “Sən ödəniş et, diplomunu birinci verək”. Çünki arada söz-söhbət gəzirdi ki, universitet bağlanacaq. Mən də 1000 manat pul verdim. Amma pul da getdi, müəllim də yoxa çıxdı. Bundan başqa, universitetin tələbələrinin başqa universitetlərə köçürüləcəyi ilə bağlı da xəbərlər eşidirdik. Amma test imtahanı verərək qəbul olunanlara aid olduğunu deyirdilər. Onda da bir müəllim bizim üçün bu işi düzəldəcəyini dedi və pul aldı. Amma 5-6 il sonra həmin pulu qaytardı və alınmadığını dedi”.
Vətəndaş Ağdərədən olan məcburi köçkündür. “Yurdumuzdan-yuvamızdan heç nə götürmədən çıxmışdıq. Min bir əziyyətlə böyüyüb, min bir əziyyətlə təhsil almışam. Həm pulum gedib, həm zamanım… Orada “salam”ı da pulla alırdılar. Ödənişlərin çeklərini hələ də saxlayıram. Bəlkə bir faydası olar… İndi isə 36 yaşım var və işləyə bilmirəm. Diplomsuz harada işləyə bilərəm axı?!”, – deyə M.M. bildirir.
Zərərçəkmiş 8 il öncə Elm və Təhsil Nazirliyinə müraciət edib. Burada ona özü kimi diplomsuz qalanların çox olduğunu deyiblər. Məsələ ilə bağlı nazirlik açıqlama verib. Bildirilib ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) nazirliyə təqdim etdiyi tələbə kontingentinə aid məlumat bazasında 2006-cı ildə ABU-ya qəbul olunan (köçürülən) və ya 2009-cu ildə universiteti bitirənlərin siyahısında M.M.-in adı aşkar edilməyib.
Bundan başqa, qeyd olunub ki, nazirin müvafiq əmri ilə Azərbaycan Beynəlxalq Universitetinə köçürülmüş və təhsili yarımçıq qalmış tələbələr təhsillərini başa vurmaq üçün müvafiq özəl ali təhsil müəssisələrinə yerləşdirilib və bu proses artıq başa çatıb.
“Hüquq və maraqlarını qorumaq və təmin etmək məqsədilə M.M. məhkəmə orqanlarına müraciət edə bilər”, – deyə nazirlikdən bildirilib.