16.4 C
Gence
16.4 C
Gence

40 ildir Gəncə paxlavasının bişirilmə mədəniyyətini yaşadan Dürdanə Məmmədova

Bu gün 67 yaşlı Gəncə paxlavası ustası Dürdanə xanım Gencexeber.az-la şirniyyatın bişirilmə qaydası ilə bölüşüb.

Artıq 40 ildir ki, paxlavanın hazırlanması xanımın sənətinə çevrilib. Onun əl əməyi ölkəmizin müxtəlif bölgələrində belə tanınır. Bu təamı dadmaq istəyənlər (055) 833 85 25 nömrəsi ilə əlaqə saxlayaraq sifariş edə bilərlər.

Gəncə paxlavasının bişirilmə qaydasını aşağıda oxuya bilərsiniz:

1-ci mərhələ – Əvvəlcə qoz ləpəsi qabıqdan təmizlənməlidir. Bunun üçün, ləpələr sobaya qoyulur. Onlar isinəndən sonra cıqqıltı səsləri verməyə başlayır. Bu zaman ləpələr isti suya salınır və qabıq daha rahat soyulur. Paxlava içliyinin hazırlanması üçün qoz ləpə çəkəndən keçirilir və alınmış 2 kiloqram kütləyə 1 kiloqram 800 qram şəkər tozu qatılır.

2-ci mərhələ – Xəmir yoğurulur. Biraz qalıb özünə gələn xəmir 10 kündəyə bölünür.

3-cü mərhələ – Misdən olan məcməyi (qab) yağlanır. Oxlovla yayılıb salınacaq birinci və sonuncu kündə digərlərinə nisbətən qalın və diametri böyük olur. Birinci salınandan sonra üstünə isti yağ tökülür və onun üstünə biri də salınır. Növbəti kündələrin salınması zamanı araları paxlavanın içliyi ilə doldurulur.

4-cü mərhələ – Məcməyi qıraqları kəsilir və xətkeşlə eyni ölçüdə paxlavalara bölünür. Paxlavalar istəyə uyğun bəzənir. Rənglənəndən sonra paxlavaların künclərinə xaş-xaş qoyulur. Sonra isə qozla, badamla bəzənir.

5-ci mərhələ – Şərbət hazırlanır. Gülab (stəkan yarım), su (bir stakan), şəkər tozu (yarım kilo), iki dilim limon və bal (1 qaşıq) qarışdırılaraq şərbət düzəldilir.

6-cı mərhələ – Ocaq qalanır. Öncə közün üstündə paxlavanın alt hissəsi bişirilir. Bu zaman dilimlər bıçaqla bir-bir ayrılır və aralarına qaynar yağ tökülür (ümumi stəkan yarım). Altı bişəndən sonra məcməyi közün üzərindən götürülüb yaş əskinin üstünə qoyulur. Məqsəd paxlavaların altının qaralmasının qarşısını almaqdır. Üst hissənin bişirilməsi üçün isə məcməyi tiyanla örtülür və üzərinə köz qoyulur.

7-ci mərhələ – Yarım saatdan sonra paxlavalar aralanmağa başlayır. Şərbət közün üstündə qaynadılır və qaşıqla az-az paxlavalara tökülür.

Qeyd edək ki, 3 kiloqramlıq məcməyidən dədə-baba qaydası ilə 65 ədəd paxlava çıxır. Xırda kəsilsə – 75-78 ədəd. Bu istəkdən asılıdır.

Ən Çox Oxunan