Bu gün şəhidimiz Samir Vəliyevin anadan olduğu gündür.
Samir Vəliyev 20 aprel 1965-ci ildə Gəncə şəhərində anadan olub. Orta təhsilini 34 saylı orta məktəbdə alan igidimiz 1980-ci ildə, orta təhsilini bitirdikdən sonra İnşaat Texnikumunda oxuyub. O, 1984-cü ilin noyabrında hərbi xidmətə yollanıb. 1989-cu ildə Moskvada Ümumittifaq Kənd Təsərrüfatı İnstitutuna daxil olub. 1987-ci ildə milis sistemində işə qəbul olub və Tula şəhərinə göndərilib.
Nankor ermənilər baş qaldıran kimi Vətənə qayıdan Samir Vəliyev 1991-ci ildə Gəncədə xüsusi təyinatlı milis dəstəsinin tərkibinə daxil olub. Çaykəndin azad olunmasında, Tərtər və Ağdam bölgələrində döyüşlərdə iştirak edib. Həmçinin Daşaltıda, Horadizdə, Tərtər rayonunda igidlik göstərib.
Samir Daşdəmir oğlu Vəliyev 1992-ci il iyunun 25-də Ağdamın Cinlilər kəndi uğrunda gedən qanlı döyüşlərin birində şəhidlik zirvəsinə ucalıb. Məzarı Gəncə Şəhidlər xiyabanındadır.
Mərhum döyüşçünün ruhuna hörmət əlaməti olaraq, Gəncə şəhər Xalq Deputatlar Məclisinin Rəyasət heyətinin 1993-cü il 13 saylı protokolu əsasında 34 №-li orta məktəb indi onun adını daşıyır.