Gəncədə kommunal məsələ ilə bağlı reyd keçiriblər. Bu haqda 27 may tarixində Kəpəz televiziyasına istinadən məlumat veririk.
Şəhərdə abonentlərin təxminən 80 faizi içməli sudan fasiləsiz istifadə etmək imkanına malikdir. Lakin bəziləri bu fürsətdən istifadə edərək illərdir işlətdikləri su və kanalizasiyanın pulunu ödəməkdən yayınırlar.
Bu səbəbdən debitor borcu olan abonentlərin evlərində reydlər keçirilir. “Gəncə Su Kanal” Törəmə Səhmdar Cəmiyyətinin əməkdaşlarının yoxlaması şəhərin Qırmızıkənd qəsəbəsi adlanan hissəsində aparılıb. Süleyman Rəhimov, Mirzə Fətəli Axundov, Məmmədyusif Axundzadə və digər yaşayış yerlərində abonentlərə bildirişlər paylansa da, onlar illərdir işlətdikləri su və kanalizasiyanın pulunu ödəmirlər.
Bildirilir ki, 3 ildən artıqdır Gəncədə əhalinin çox hissəsinə içməli su fasiləsiz verilir. Suyun pulunu ödəyə bilməyən abonentlər üçün güzəştli ödənişlər də tətbiq edilir.
Reyd zamanı su və kanalizasiyanın ödənişini etməyən 18 abonentin suyu dayandırılıb. 50-yə yaxın şəxslə maarifləndirici söhbətlər aparılıb. Ümumilikdə isə şəhərimizdə əhalinin su və kanalizasiya görə 12 milyondan artıq borcu var.