Gəncədə sakinlər üçün təhlükə yaradan problemlərdən biri həll olunub. Bu haqda 22 fevral tarixində Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinə istinadən məlumat veririk.
Bir neçə gün öncə şəhərin Zülfüqar Məmmədov küçəsində yerləşən 36 nömrəli binada tüstü bacalarının təmizlənməməsi barədə məlumat vermişdik. MKTİB əməkdaşları adıçəkilən əraziyə və Heydər Əliyev, Nəriman Nərimanov prospekti, 3-cü və 4-cü mikrorayonlar, Yeni Gəncə yaşayış massivi, Üzeyir Hacıbəyov, Fikrət Əmirov, Dədə Qorqud, Azərbaycan bayrağı, Ak. M. Hüseynov, Tağı Arani və daha bir neçə küçədəki yaşayış binalarına baxış keçiriblər. Burada olan 70-ə yaxın mənzilin tüstü bacası qurumun əməkdaşları tərəfindən təmizlənib.
MKTİB əhaliyə müraciət edərək bildirib ki, tüstü bacaları üçün qoyulmuş hava xətləri mətbəxdə, vanna otağında olan havanın təmizlənməsi məqsədini daşıyır. Lakin aparılan monitorinqlər zamanı bir çox yaşayış binalarında otaqların havalandırılması üçün nəzərdə tutulan tüstü bacalarına məişət və qızdırıcı qaz sobaları borularının qoşulması hallarına rast gəlinir. Bu da sonda bədbəxt hadisələrə gətirib çıxarır.