19.7 C
Gence
18.5 C
Ganja

Gəncənin deputatı “Azərsu”yu sərt tənqid etdi

Milli Məclisin deputatı Musa Quliyev Gəncə şəhərində su qıtlığından yaranmış gərgin vəziyyətlə bağlı hökumətə müraciət edib. Bunu 2 iyul parlamentin növbədənkənar sessiyasında səsləndirib.

“Susuzluqdan yanan ağacların yarpaqları tökülür. Bir çox məhəllələrdə evlərə gündə cəmi 2 saat su verilir. Son 10 ildə Gəncənin ətrafındakı Cavad xan, Məhsəti, Şıxzamanlı, Natavan qəsəbələrində 6 minə yaxın fərdi yaşayış evləri tikilib. Heç birinin də su-kanalizasiya təchizatı yoxdur”- Quliyev qeyd edib.

“Azərsu”-nun komitə sədri deputatın tənqid sözlərinə cavab verib: “Hazırda Gəncədə xidmət olunan abunəçilərin 56 faizi 24 saat fasiləsiz, 14 faizi 12 saatlıq, qalan 30 faizi isə 5-10 saatlıq qrafikli rejimlə su alır. Gəncə şəhərində kifayət qədər yeraltı su ehtiyatları var, aidiyyəti qurumlar suvarma işlərində yeraltı su mənbələrdən istifadə etsinlər. Yeni salınmış massivlərdə su və kanalizasiya infrastrukturunun yaradılması layihəsi növbəti mərhələdə həyata keçiriləcək.”

Yeri gəlmişkən, Gəncə şəhəri Mənzil Kommunal Təsərrüfatı Birliyinin yaşıllıqların suvarılması üçün aldığı suya görə “Azərsu”-ya 134 min manat borcu yaranıb.

Gəncə şəhərinin Qızılqaya və Göygöl mənbələri yenidən qurulub, mənbələrdən şəhərə magistral su xətləri çəkilib və anbarlar inşa olunub. İçməli və tullantı su şəbəkələrinin tikintisinin 42% yerinə yetirilib.