Gəncədə qəsəbələrin birində sakinlər həyətlərin baxımsızlığından narazıdırlar. Bu haqda 4 aprel tarixində GancaPost-a istinadən məlumat veririk.
Söhbət şəhərin Gülüstan qəsəbəsindən gedir. Burada sakinlər yaşadıqları binaların qarşısında yolların asfaltsız qalmasından, kanalizasiya sistemi və su təchizatının olmamasından şikayət edirlər.
“Bizim balacalarımızı, nəvələrimizi, uşaqlarımızı oynamaq üçün çıxaracaq, özümüz təmiz hava alanda oturacaq yerimiz yoxdur. Həyətdəki ağaclar quruyur, baxan yoxdur. Su təchizatı, kanalizasiya sisteminin bərpaya ehtiyacı var. Binaların zirzəmilərinə girmək mümkün deyil, üfunət iyi vurur. Çünki bura çirkab sular axır. Tez-tez kanalizasiya quyuları daşır və bütün tullantı sular binanın qarşısına axır”, – deyə burada yaşayan əhali bildirib.
Onların sözlərinə görə, dəfələrlə aidiyyəti qurumlara müraciət edilib. Lakin bu, heç bir nəticə verməyib.
“Bizə söz verilib ki, bu ildən düzəldiləcək, abadlaşdırılacaq. Bura skamyalar qoyulacaq, ağaclar suvarılacaq və s. Amma heç bir iş görülməyib”, – deyə sakinlər narazılıqlarını bildiriblər.