Gəncədə xeyriyyə konserti təşkil olunacaq. Bu haqda 25 may tarixində Qarabağ Dirçəliş Fonduna istinadən məlumat veririk.
“Qarabağ gecəsi” adlı xeyriyyə konserti Qarabağ Dirçəliş Fondunun təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi, “Veysəloğlu” Şirkətlər Qrupunun baş sponsorluğu ilə keçiriləcək. Tədbir 17 iyun saat 16:00-da Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında baş tutacaq.
Burada Xalq artistləri Azər Zeynalov, Teyyub Aslanov, Simarə İmanova, Əməkdar artistlər Gülüstan Əliyeva, Almaz Orucova, Aybəniz Haşımova, Nuriyyə Hüseynova, Sevinc Sarıyeva, solistlər Vəfa Vəzirova, Taleh Yəhyayev, Fəxri Kazım-Nicat, Cəlal Kərimov, Nurlana Abdullayeva, F.Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının instrumental heyəti, F.Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı, eləcə də “Sənət Akademiyası”nın tələbələri çıxış edəcəklər. Bədii hissədən dərhal sonra rəsmi ziyafət təşkil olunacaq.
Biletləri iticket.az saytından əldə etmək lazımdır. Qiymətlər 20 manatdan başlayaraq 3500-dək çatır.
Konsertdən əldə ediləcək vəsait Ağdam rayonunun ərazisində yerləşən Pənahəli xanın İmarət kompleksinin bərpasına yönəldiləcək.